G20 qrupu ölkələri qlobal iqtisadiyyata 7 trilyon dollar kapital inyeksiya ediblər

g20-qrupu-olklri-qlobal-iqtisadiyyata-7-trilyon-dollar-kapital-inyeksiya-ediblr-16042009

G20 qrupu ölkələri qlobal iqtisadiyyata 7 trilyon dollar kapital inyeksiya ediblər

G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cədaan jurnalistlərə müsahibəsində bildirib ki, "Böyük iyirmilik" ölkələri koronavirus pandemiyası dövründə iş yerlərinin, biznes obyektlərinin və iqtisadiyyatların qorunub saxlanılması məqsədilə qlobal iqtisadiyyata 7 trilyon dollar kapital inyeksiya ediblər.

 

Nazir G20 qrupu ölkələrinin Maliyyə nazirləri və Mərkəzi banklarının keçirdikləri virtual iclasda yoxsul ölkələrin borclarının ödənilməsini dayandırmaq barədə də razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, bu borcların "dondurulması" üçün təcili olaraq 20 milyard dollar likvid vəsait ayrılacaq.

 

Virtual iclasın yekunları barədə məlumat verən əl-Cədaan daha sonra qeyd edib ki, nazirlər COVID-19 pandemiyasından sonrakı dövrdə qlobal iqtisadiyyatın dərin resessiya keçirməməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıblar. O əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün qlobal neft bazarında sabitliyin yaranması olduqca mühümdür.

 

Dünya Bankının prezidenti Devid Malpass və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva G20 qrupunun mayın 1-dən etibarən yoxsul ölkələrin borclarının "dondurulması" qərarını alqışladıqlarını bəyan ediblər. Onların birgə bəyanatında deyilir: "Bu, qətiyyətli və çevik addım milyonlarla insanın həyatını qorumaq və onların dolanışığını təmin etmək baxımından çox əhəmiyyətlidir".

Hibya Xəbər Agentliyi